Ötən altı ildə ilk dəfə olaraq ABŞ və Rusiya prezidentləri bu gün, avqustun 15-də görüşəcək.
Putin nə istəyir?
Bir çox analitiklər Vladimir Putinin beynəlxalq təcridinə son qoymaq istədiyi bir dönəmdə Trampla görüşü öz-özlüyündə onun üçün bir qələbə kimi qiymətləndirir. Başqa sözlə, bütün məsələ şəkil çəkdirməkdir.
"Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsindən sonra heç bir aparıcı Qərb lideri Putinlə görüşməyib. Ancaq indi o, heç bir güzəşt olmadan ABŞ prezidenti ilə zirvə görüşünə gedir", - Slovakiyanın keçmiş prezidenti Zuzana Çaputovanın xarici siyasət məsələləri üzrə müşaviri olmuş Yana Kobzova deyib.
Bundan əlavə, müharibənin başlanğıcından bəri Putinin məqsədləri, demək olar ki, dəyişməz olaraq qalır.
"Kreml hiss edir ki, hazırda döyüş meydanında üstünlüyə malikdir, ona görə də diplomatik yolla güzəşt əldə edə bilməsə, sadəcə olaraq döyüş meydanında irəliləməyə davam edə bilər", - Kobzova əlavə edib.
Bu səbəbdən də gözlənilir ki, Putin atəşkəsin qəbulu ilə bağlı göstərilən təzyiqə müqavimət göstərəcək.
Tramp nə istəyir?
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, bu sammitdən istifadə edərək Ukrayna prezidenti Volodimir Zelenski ilə keçiriləcək növbəti görüş üçün "zəmin hazırlamaq" istəyir.
"Düşünürəm ki, bu, yaxşı bir görüş olacaq, amma daha vacib görüş ikinci görüşümüz olacaq. Prezident Putin, prezident Zelenski, mən... Bəlkə, bəzi Avropa liderlərini dəvət edə bilərik, bəlkə də, yox", - Tramp avqustun 14-də bildirib.
Tramp həmçinin açıq şəkildə deyib ki, münaqişənin davamlı həllinə doğru ilk addım kimi o, mümkün qədər tez bir zamanda atəşkəsə nail olmaq istəyir. Amma bəzi analitiklər deyirlər ki, Putin digər "mükafatlar" təklif edərək suyu bulandırmağa çalışacaq.
Bayden administrasiyasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində çalışmış Cim O'Brayen deyib ki, Putin, çox güman ki, atəşkəs üçün konkret detalların razılaşdırılmasından yayınmaq üçün Trampa maliyyə stimulları təklif edəcək.
"Xüsusilə Amerika şirkətlərinə fayda verən kommersiya sövdələşmələri ilə bağlı ikitərəfli razılaşmalar meydana çıxa bilər", - o deyib.
Bəs Zelenski?
Zelenski danışıqlar masasında yer istəyir. Ukrayna prezidenti danışıqlardan açıq şəkildə kənarlaşdırılıb və onun iştirak etmədiyi halda, qəbul edilən qərarların mənasız olacağı barədə xəbərdarlıq edib.
Ərazi güzəştləri mövzusu Zelenskinin dəfələrlə rədd etdiyi bir məsələdir. Tramp sammitdən əvvəl bildirib ki, Kiyevi ərazi verməyə məcbur etməyəcək, lakin onun Putin və Zelenskinin "bölüşdürmə" edə biləcəyi barədə söylədiyi fikir Kiyevdə narahatlıq doğurur.
Belə tələblər Zelenski üçün təkcə qəbul edilməsi çətin deyil, həm də Ukrayna ictimaiyyətinə "satması" - ukraynalıların razılığını alması son dərəcə çətin ola bilər.
Prezident Zelenski ümid edəcək ki, Tramp və Putin onun razılaşa bilməyəcəyi bir şeyə razılıq verməsinlər, əks halda, Ağ evdə Zelenski sülhə mane olan tərəf kimi qəbul edilə bilər.
Cəbhədə vəziyyət nə yerdədir?
Rusiya Ukrayna ərazisinin beşdə birini, yəni 114.5 min kvadratkilometrini işğal altında saxlayır.
Cəbhə xətti Xarkov, Luqansk, Donetsk, Zaporojye və Xerson bölgələrindən keçərək təxminən min kilometr uzanır.
Hər iki tərəf ağır itkilər verməyə davam edir, lakin bu ayın əvvəlində Rusiya Ukraynanın şərqində döyüş meydanında mühüm irəliləyişlər əldə etməyə başlayıb və qüvvələrini Toretsk və Pokrovsk ətrafında cəmləşdirərək təxminən 10 kilometr irəliləyib.
İrəlidə nə ola bilər?
Tramp növbəti üçtərəfli görüşün tez bir zamanda və, bəlkə də, Alyaskada keçirilə biləcəyi fikrini irəli sürüb.
ABŞ dövlət katibi Marko Rubio isə avqustun 14-də davamlı sülhün əldə olunması üçün yerinə yetirilməli şərtlərdən danışıb.
"Düşünürəm ki, hamımız anlayırıq ki, təhlükəsizlik təminatları barədə danışıqlar aparılmalıdır. Eləcə də, ərazi mübahisələri, iddialar və onların nəyin uğrunda döyüşdükləri barədə müzakirələr olmalıdır", - Rubio bildirib.
Rusiya isə münaqişənin "kök səbəbləri" adlandırdığı məsələlərin həllində israrını davam etdirəcək. Bu, Kremlin lüğətində Ukraynanın NATO-ya üzv olmaq ümidlərinin aradan qaldırılması və Ukrayna ordusunun faktiki olaraq silahsızlaşdırılması ilə bağlı addımların atılması deməkdir.
Hər iki tərəfin məqsədləri bir-birinin qırmızı xətləri ilə toqquşur. Sülh tez və ya asanlıqla gəlməyəcək.
Yazını AzadlıqRadiosunun müxbiri Red Stendiş hazırlayıb.