2024-cü ildə Azərbaycanda insan haqlarının durumunda əhəmiyyətli dəyişiklik baş verməyib. Bunu ABŞ Dövlət Departamenti dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında bildirir.
Qurum insan haqları problemlərinə dair etibarlı məlumatlar sırasında bunların yer aldığını bildirir:
- əsassız və ya qanunsuz qətllər;
- işgəncə və ya qəddar, qeyri-insani, alçaldıcı rəftar, yaxud cəza;
- əsassız həbs və saxlanma;
- başqa ölkədə yaşayan fərdlərə qarşı transmilli təzyiqlər;
- ifadə azadlığı və media azadlığına ciddi məhdudiyyətlər, o cümlədən jurnalistlərə qarşı zorakılıq və ya zorakılıq təhdidləri, jurnalistlərin əsassız həbsi və ya təqibi, senzura və internet azadlığına ciddi məhdudiyyətlər;
- müstəqil əmək birliklərinin qadağan olunması və ya işçilərin birləşmə azadlığına ciddi və sistemli məhdudiyyətlər;
- uşaq əməyindən ən pis formada istifadə.
Hesabatda deyilir ki, hökumət insan haqları pozuntuları törətmiş məmurları müəyyənləşdirib cəzalandırmaq yönündə tədbir görməyib. 2020-ci il müharibəsi vaxtı silahlı qüvvələr, yaxud fərdlərin törətdiyi iddia olunan pozuntularla bağlı hökumətin araşdırmalarında heç bir irəliləyiş olmayıb.
İfadə, media azadlığı
Dövlət Departamenti bildirir ki, hökumət ifadə azadlığını, medianın müstəqilliyini məhdudlaşdırıb. Media Qanunu çərçivəsində jurnalistlərə məhdudiyyətlər qoyulub. Həm ölkədə, həm mühacirətdə olan jurnalistlərə, bloqerlərə, fəallara, onların qohumlarına hökumətin tənqidindən çəkindirmək üçün təzyiq göstərib.
İl boyunca ölkədə hökumətə məxsus və hökumətyönlü media orqanlarının dominantlıq etdiyi vurğulanır. Məhdud sayda müstəqil və yarı-müstəqil media orqanları isə yalnız onlayn işləməli olub.
"Hökumət müstəqil jurnalistləri, xüsusilə hökumət rəsmilərini tənqid edən və ya korrupsiyanı araşdıranları ardıcıl həbs edib", – hesabatda deyilir. "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızının, digər jurnalistlərin həbsdə olduğu vurğulanır.
"2023-cü ilin noyabrı ilə ötən ilin noyabrı arasında hakimiyyət orqanları ən azı 40 müstəqil jurnalist və vətəndaş cəmiyyəti fəalını həbs edib. Saxlanma zamanı jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı fiziki zorakılıqla bağlı etibarlı məlumatlar olub", – hesabatda deyilir.
Hazırda Azərbaycanda AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə də daxil olmaqla həbsdə olan jurnalistlər qaçaqmalçılıq və digər maddələrlə suçlanırlar. Özləri ittihamları peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Dövlət Departamenti bir çox media orqanlarının özünüsenzura etdiyini, siyasi baxımdan həssas sayılan mövzulardan yayındığını bildirir.
Bir çox xarici media orqanları isə 2009-cu ildən FM dalğasında yayımdan məhrum edilib.
"2017-ci ildən Azad Avropa/Azadlıq Radiolarının vebsaytı bloklanıb, 2014-cü ildə vergidən yayınma, 2017-ci ildə isə kriminal defamasiya ittihamları ilə üzləşib. Rusiyanın 2009-cu ildə yayımı qadağan edilmiş "Sputnik" mediasının isə sərbəst xəbər yayımlamasına icazə verilib", – hesabatda vurğulanır.
Hökumətin, o cümlədən Medianın İnkişafı Agentliyinin mediaya nəzarət etdiyi vurğulanır, xüsusilə də 2022-ci ildə media qanununun tətbiqi vasitəsilə.
İl boyunca hökuməti tənqid edən beynəlxalq xəbər saytlarının bloklandığı, çoxunun illərdir blokda qaldığı bildirilir. Bu sırada AzadlıqRadiosu, OCCRP və digərlər var.
Fəallar deyirlər ki, hakimiyyət internet televiziya proqramlarını vurmaq üçün kiberhücumlara, digər tədbirlərə əl atır.
İşçi hüquqları, işgəncə, pis rəftar
İşçi hüquqları fəallarının da təqibə məruz qalmasından söz açılır. "İşçi Masası"dan Afiəddin Məmmədov, Möhyəddin Orucov, Ayxan İsrafilov, Elvin Mustafayev 2023-cü ildə ərzaq çatdırılma işçilərinin tətilindən bəri həbsdədirlər. Bəzi QHT-lər deyirlər ki, hakimiyyət onların fəaliyyətini məhdualaşdırmaq üçün əlaqəsiz cinayət ittihamları irəli sürüb, - sənəddə qeyd edilir.
Hesabatın işgəncə və alçaldıcı rəftarla bağlı bölümündə isə "AbzasMedia"nın direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasında məhbuslarla pis rəftar və korrupsiya hallarını sənədləşdirməsindən söz açılır. Onun hesabatında məhbusların dəyənək və taxta çubuqla döyülməsi daxil pis rəftarın müxtəlif formalarından bəhs olunurdu.
"Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətdə pozuntulara görə cəzasızlıq ciddi problem olub", – Dövlət Departamenti bildirir.
Hesabatda "seçki" sözü yoxdur
Hesabatda azad seçki hüququndan da söz açılmır. Ümumiyyətlə, Azərbaycanla bağlı builki hesabatda "seçki" sözü yoxdur.
İyulda Dövlət Departamentinin xarici seçkilərin legitimliyi barədə şərhləri kəskin məhdudlaşdıracağı barədə xəbər yayılıb. Bununla bağlı dövlət katibi Marko Rubionun yeni təlimat verdiyi vurğulanırdı. "The New York Times" yazırdı ki, Tramp administrasiyası xaricdə demokratiyanın təbliğindən geri çəkilir.
Azərbaycan hakimiyyəti indiyədək ölkədə seçkilərin azad və ədalətli keçirildiyini iddia edib.
Dövlət Departamenti isə ötənilki hesabatında yazırdı ki, etibarlı beynəlxalq müşahidəçilər ölkədə seçkilərin ədalətli və pozuntusuz keçmədiyini deyiblər.
Müqayisə üçün, hesabatın Gürcüstanla bağlı hissəsində yazılıb ki, 26 oktyabr parlament seçkilərində rəsmi qurumlar namizədlərin, seçicilərin ifadə azadlığını məhdudlaşdırmağa çalışıb, bundan ötrü təzyiq və qorxutma metodlarına əl atıb. Üstəlik, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun həmin seçkilərlə bağlı hesabatına da istinad olunur: "Seçicilərə qarşı qorxutma, məcbur etmə, təşviq və təzyiq halları ilə bağlı məlumatlar... bəzi seçicilərin qisas qorxusu olmadan səs vermək imkanlarına dair narahatlıq doğurur".
"Siyasi məhbus" ifadəsi yoxdur
Azərbaycan hökuməti, hələlik, bu hesabata münasibətini açıqlamayıb.
Amma indiyədək hakimiyyət, bir qayda olaraq, insan haqları ilə bağlı hesabatlardakı tənqidləri qəbul etmir, onları böhtan və qərəz adlandırır.
Dövlət Departamentinin ötənilki hesabatında QHT-lərin məlumatına istinadən Azərbaycanda dekabrın 1-cən 254 siyasi məhbusun olduğu deyilirdi. Həmin hesabatda ayrıca "Siyasi məhbuslar və saxlananlar" bölümü vardı.
AzadlıqRadiosu Departamentin builki hesabatında "siyasi məhbuslar" ifadəsinin ayrıca işlənmədiyinə diqqət çəkir. Baxmayaraq ki insan haqları qrupları bu sayın 375 olduğunu bildirirlər.
Amma sənəddə deyilir ki, hökumət siyasi opponenti, yaxud tənqidçisi saydığı şəxsləri təqib edib, qorxutmağa çalışıb. Bundan başqa, uzunmüddətli istintaq öncəsi həbs-qətimkan tədbirinin xüsusilə siyasi fiqurlar və fəalların işlərində ciddi problem kimi qaldığı deyilir. Həmin şəxslər bunun siyasi təqib vasitəsi olduğunu iddia edirlər.
Rəsmilər ölkədə siyasi məhbusların olmasına dair iddiaları rədd edir. Onlar iddia edirlər ki, ölkədə heç kəs siyasi və peşə fəaliyyətinə, habelə azadlıq və hüquqlarından istifadəyə görə təqib olunmur. Fərdlərin konkret cinayətlərə görə təqib olunduğu bildirilir.
Saxlanma yerlərində pis rəftar, işgəncə iddiaları da indiyədək təkzib olunub.
Beynəlxalq insan haqları qurumları da hakimiyyəti haqsız tutulanları azad etməyə çağırır.
Azərbaycan prezidenti İlham Əliyev Co Bayden administrasiyasını tənqid edir, onun dönəmində ikitərəfli münasibətlərdə böhran yarandığını deyirdi. Donald Tramp administrasiyası ilə isti münasibətlər qurulub. Avqustun 8-də Vaşinqtonda Ermənistanla sülh sazişi paraflanıb. D.Tramp Azərbaycana hərbi yardımı qadağan edən "907-ci düzəliş"i dondurub.