Keçid linkləri

2025, 14 Avqust, Cümə axşamı, Bakı vaxtı 03:03

Ölən əsgərə görə DSX təzminat ödəyəcək


Sərhəd
Sərhəd

Dövlət Sərhəd Xidməti(DSX) bu qurumun tabeliyindəki hərbi hissədə əsgər Əli İsmayılova qarşı zorakı və alçaldıcı davranışlara, nəticədə onun özünü öldürməsinə görə zərərçəkmiş ailəyə 30 min manat təzminat ödəməlidir. Məhkəmə bu barədə qərar çıxarıb.

Ə.İsmayılovun intiharına görə N saylı sərhəd zastvasının döyüş məntəqəsinin rəisi, leytenant Mirzağa Quliyev cinayət məsuliyyətinə cəlb olunub. O, Cinayət Məcəlləsinin 329-cu (tabeliyində olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddəsiylə azadlıqdan 1 il məhrum edilib.

İddia olunur ki, intihar olayından öncə Ə.İsmayılovla başqa bir əsgər Nadir Əndəlifov arasında mübahisə yaranıb. Bunu görən gizir Azad Mustafai onların hər ikisini leytenant Quliyevin yanına gətirib. Mübahisənin səbəbini soruşan leytenant ardından əsgərləri şillələyib, təhqir edib, onları yerdə 30-40 metr süründürüb. Əsgərlər yerdə süründükcə onların belinə təpiklə vurub. Bunlara dözməyən əsgər İsmayılov cavab qaytarıb. Zabitə qarşı belə davranışına görə gizir A.Mustafai əsgər İsmayılovun boğazından tutub, onu boğmağa başlayıb.

Bu olaydan az sonra İsmayılov intihar edib

Övladının ölümüylə bağlı ona dəymiş mənəvi ziyana görə DSX-dan 99 min manat təzminat tələbiylə məhkəmədə iddia qaldıran valideyn bildirib ki, Əli onun tək oğlu idi. Onun sözlərinə görə, oğlu uşaqlıqdan allergiya və böyrək çatışmazlığından əziyyət çəkirmiş: "Əzab-əziyyətlə böyütdüyün övladın ölümü valideyn üçün dəhşətdir, ailənin həyatının alt-üst olması deməkdir".

Zərərçəkmiş vurğulayıb ki, oğlu hərbi xidmət zamanı fiziki və psixoloji zorakılıq üzündən özünü öldürüb. Buna görə DSX məsuliyyət daşıyır və təzminat ödəməlidir.

Ancaq bu qurumun nümayəndəsi zərərçəkmişin tələbiylə razılaşmır: "Dövlət Sərhəd Xidməti bu işdə cavabdehlik daşımır".

Məhkəmə zərərçəkmişin tələbini haqlı saysa da, tələb edilən kompensasiya məbləğiylə bağlı məsələdə DSX-nın üzərinə təxminən üç dəfə az – 30 min manat təzminat ödəmək öhdəliyi qoyub.

XS
SM
MD
LG