ABŞ və Rusiya prezidentlərinin avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan görüşü Avropanı təlaşlandırıb.
Ukraynanı mümkün olan bütün diplomatik vasitələrlə dəstəkləyən və Rusiyaya qarşı daha çox sanksiya hazırlayan Avropa İttifaqı və əksər Avropa ölkələri eyni zamanda ABŞ-nin "tələyə düşməsini" əngəlləməyə çalışır. Lakin yeni diplomatik təşəbbüslərin olmadığı və qitənin taleyinin digər paytaxtlardan asılı göründüyü bir zamanda onlar danışıqlar masasında özlərinə yer tapmaqda çətinlik çəkir.
Ötən həftə Brüsselin avqust tətilindən sarsıntı ilə oyandığını demək doğru olar. İndiyədək heç bir ciddi sanksiya tətbiq etməyən ABŞ prezidentinin Rusiyaya qarşı sərt məhdudiyyətlər tətbiq edəcəyini az adam düşünürdü, amma heç kəs onun 4 ildən artıq müddət ərzində ilk dəfə olaraq ən yüksək səviyyəli ABŞ-Rusiya görüşünü elan edəcəyini gözləmirdi.
Bu görüş elan edildikdən sonra Avropa rəsmiləri diplomatik səylərini intensivləşdirib. Onlar həftəsonu Britaniyada ABŞ vitse-prezidenti Ceyms Di Vens ilə görüşüblər, Aİ-nin xarici işlər nazirləri avqustun 11-də videokonfrans keçiriblər, bu gün - avqustun 13-də isə Ukrayna prezidenti Zelenski də daxil olmaqla bir neçə lider prezident Trampla növbəti telefon danışığını keçirəcək.
Adının çəkilməməsi şərtiylə AzadlıqRadiosuna danışan bir neçə Avropa rəsmisi deyib ki, indiyədək Vaşinqtondan "xaotik" mesajlar gəlib və, görünür ki, ABŞ administrasiyasındakı müəyyən qruplar Alyaska görüşündə fərqli məqsədlər güdür.
Rəsmilər Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun keçən həftə Putinlə görüşünün yekununa dair müxtəlif şərhlərin olduğunu bildiriblər. Bütün bu təmaslardan sonra onlar özlərini bir az daha inamlı hiss etsələr də, Alyaska görüşündən nə gözləyəcəklərini bilmirlər.
Avropa İttifaqının "qırmızı xətləri"
Aİ "qımızı xətlər"inin olduğunu açıq şəkildə bəyan edib. Avropa rəsmiləri Ukraynanın potensial güzəşti barədə hər hansı müzakirədən əvvəl ilk növbədə atəşkəs istəyirlər. Bununla yanaşı, Kiyevə təhlükəsizlik zəmanətləri verilməli və atəşkəsin izlənməsi üçün mexanizm olmalıdır.
Bir çoxları burada Avropanın müəyyən bir rolunun olduğunu düşünür. Rusiyanın ələ keçirə biləcəyi potensial Ukrayna ərazilərinə gəldikdə, avropalılar deyir ki, Kiyevin nə qərar verəcəyindən asılı olmayaraq Ukraynanı dəstəkləyəcəklər. Amma yenə də bu məsələdə söz sahibi olmaq istəyirlər. Aİ Ukrayna ərazilərini Rusiya ərazisi kimi hüquqi baxımdan tanımayacaq. Məsələn, Avropa 2014-cü ildə Krımın qeyri-qanuni ilhaqından sonra buranı Rusiya ərazisi kimi tanımır.
Güzəşt forması kimi Rusiya qoşunlarının işğal etdikləri müəyyən ərazilərdən geri çəkilməsinə gəlincə, Moskvanın buna hörmətlə yanaşacağına dair şübhələr var. Diplomatlardan biri xatırladıb ki, Rusiya qoşunları heç vaxt Moldovanın Dnestryanı bölgəsindən və Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərindən geri çəkilməyib.
Avropa ölkələrinin diplomatik mövqeyinə baxmayaraq, fakt ondan ibarətdir ki, onlar kənarda qalıblar. Avropa birbaşa maraq doğuran hər hansı məsələ barəsində masada olmaqda israr etsə də, tezliklə buna icazə veriləcəyinə dair heç bir əlamət yoxdur. Bu, 2021-2022-ci illərin qışı - Rusiyanın Ukrayna qarşı tammiqyaslı işğal müharibəsinə hazırlıq dövrü ilə kəskin ziddiyyət təşkil edir; o zaman Avropa Moskva ilə NATO, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) vasitəsilə və birbaşa Kreml ilə danışıqlarda fəal iştirak edirdi. Amma göstərilən səylər nəticəsiz qaldı.
İndi Aİ liderləri blokun bu məsələdəki fəaliyyətinin aktuallığını qorumaqda çətinlik çəkir. Bəli, onlar Rusiyanı daha çox sanksiya ilə hədələyirlər və sanksiyaların 19-cu raundu hazırlanır. Amma həmin tədbirlərdən bəziləri Rusiyaya əngəl olsa da, son üç ildə Kremlin siyasi və hərbi qərarlarını dəyişdirməyib.
Rusiyanın Avropa ölkələrində dondurulmuş 200 milyard avroluq aktivləri bir sövdələşmə vasitəsi ola bilər. Ancaq bunun üçün danışıqların irəliləməsi və Rusiyanın müharibə təzminatları ödəməyə razılaşdığı bir mərhələyə çatması gərəkir.
Bütün sanksiyalar 2026-cı ilin yanvarında yenilənəcək və onun uzadılması üçün yekdillik tələb olunur. Aİ-nin bəzi diplomatları bildirib ki, əgər Moskva potensial razılaşmanın müəyyən aspektlərini yerinə yetirsə, bəzi məhdudiyyətlər ləğv edilə bilər, amma onlar iddia edir ki, heç bir ciddi ardıcıllıq hələ müzakirə olunmayıb.
Təminat axtarışında
Bu ilin əvvəlində Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynanın qərbində yerləşdirilməsi planlaşdırılan potensial 20 min nəfərlik Avropa qoşunlarından ibarət "təminat qüvvəsi"ni təşviq ediblər. Müəyyən bir qrup bildirir ki, bu plan hazırlanma mərhələsindədir, amma eyni zamanda etiraf edirlər ki, onunla bağlı hələ də çoxlu qeyri-müəyyənlik mövcuddur - məsələn, fəaliyyət qaydaları və ABŞ-nin bu qüvvələrə kəşfiyyat və irimiqyaslı nəqliyyat sahəsində hər hansı dəstək verib-verməyəcəyi.
Eyni zamanda, bir çoxları NATO üzvlüyünün Ukrayna üçün əsas təhlükəsizlik zəmanəti olacağını vurğulayır, amma hərbi ittifaqda bu məsələ ilə bağlı konsensus yoxdur.
Hazırda Brüssel mövqeyini bəyanatlar vasitəsilə ortaya qoyur. Maraqlıdır ki, Macarıstan ortaq mövqeyə öz imzasını əlavə etməməyi seçib və bu da ittifaqdakı fikir ayrılığının mövcudluğunu bir daha xatırladır. Kreml ilə isti münasibətləri olan Budapeşt Tramp-Putin görüşündən sonra Aİ-Rusiya sammitinin keçirilməsini istəyir.
Macarıstan artıq Ukraynanın Aİ-yə üzvlük ambisiyalarını və Kremlə qarşı daha sərt tədbirləri bloklayır və gələcək maliyyə yardımlarını da əngəlləyə bilər. Hazırda bu mövzularda Brüsselə qarşı birbaşa etirazda təklənsə də, əgər Vaşinqton və Moskva Avropanın razılığı olmadan real razılaşmalar etməyə başlasa, tezliklə Macarıstana yeni tərəfdaşlar qoşula bilər.
Yazını AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak hazırlayıb.