Son günlər sosial şəbəkələrdə Azərbaycan hökumətinin Ermənistandan qaçqın düşən azərbaycanlılarla bağlı tələblərindən əl çəkdiyinə dair iddialar yayılmağa başlayıb. Bu, Azərbaycan hökumətinin avqustun 8-də Vaşinqtonda üzərinə götürdüyü öhdəliklərlə, bir qədər də dəqiqləşdirsək, iki ölkə xarici işlər nazirlərinin parafladığı sülh sazişinin mətnində yer alın məsələlərlə izah edilir. Hətta iddialara görə, "Qərbi Azərbaycan İcması" təşkilatının üzvləri bildiriblər ki, bu qurumun ləğvi ilə bağlı Prezident Administrasiyasından göstəriş alıblar.
İddialara, hələlik, Prezident Administrasiyasından hər hansı münasibət almaq mümkün olmayıb. Amma "Qərbi Azərbaycan İcması"nın rəhbəri, deputat Əziz Ələkbərli həmin iddiaları AzadlıqRadiosuna yalanlayıb. "Qətiyyən, tamamilə feyk xəbərdir", - o vurğulayıb.
Bir-birlərinin daxili işinə qarışmaqdan çəkinməlidirlər
Paraflanan sülh sazişində gəldikdə, orada iki ölkənin gələcək əməkdaşlığına dair bir sıra müddəalar diqqət çəkir. Hər şeydən əvvəl onlar bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyıblar. Onlar bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddiaların qaldırılmayacağını da təsdiqləyiblər. Həmçinin, vurğulanır ki, tərəflər mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri sülh sazişi qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək,.. hər hansı bir formada həll edəcəklər.
Sazişdə, üstəlik, yazılıb ki, onlar bir-birlərinin daxili işlərinə qarışmaqdan çəkinməlidirlər.
"Qərbi Azərbaycan İcması"nın məqsədi...
"Qərbi Azərbaycan İcması"nın isə Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olduğu açıqlanıb. "Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – qayıdış konsepsiyası qəbul edilib", - təşkilatçılar vurğulamışdılar.
6 ay ərzində...
İndi Azərbaycanda bəzi təhlilçilər hesab edir ki, paraflanan sülh sazişinin mətni hər iki tərəfdən bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü tanımağı və qarşılıqlı şəkildə iddialardan əl çəkmələrini tələb etdiyindən daha onlar biri-birlərinin daxili işlərinə qarışmamalıdırlar.
Üstəlik, həmin sənəddə də yazılıb ki, tərəflər birbaşa məsləhətləşmələr yolu ilə mübahisəli sayılan bütün məsələləri həll etmək istiqamətində çalışmalıdırlar. Bu məsləhətləşmələr altı ay ərzində onlar üçün məqbul nəticə verməzsə, tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət etməlidirlər.
Avqustun 8-də Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında gərginliyə səbəb olub. 80-ci illərin sonunda Ermənistandan bir neçə yüz min azərbaycanlının qovulduğu açıqlanıb. Buna cavab olaraq isə Bakı, Sumqayit və ölkənin bir sıra bölgələrindən yüz minlərlə ermənilərin çıxarıldığı bildirilir.
1990-cı illərin əvvəllərində isə münaqişə ağır silahlı toqquşmalara çevrilib. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Amma Qarabağın erməni əhalisi Ermənistana köç edib. Yerevan baş verənləri "etnik təmizlənmə" adlandırıb. Bakı isə bunu təkzib edib, onların könüllü şəkildə Azərbaycandan getdiklərini açıqlayıb. Rəsmi Bakıya görə, Qarabağın erməni əhalisinə reinteqrasiya planı təqdim edilmişdi.
Son illər iki ölkə arasında sülh sazişi ilə bağlı müxtəlif formatlarda danışıqlar aparılırdı.