Keçid linkləri

2025, 15 Avqust, Cümə, Bakı vaxtı 17:06

10 noyabr bəyanatı qüvvədə qalırmı?


10 noyabr bəyanatı qüvvədə qalırmı?
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

10 noyabr bəyanatı qüvvədə qalırmı?

Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanmış 2020-ci il 10 noyabr bəyanatı hələ də qüvvədədir?

8 avqust Vaşinqton görüşündən sonra Rusiya iddia edib ki, "Ermənistanın İranla sərhədinin Rusiya sərhədçiləri tərəfindən qorunmasına göz yummaq olmaz… və üçtərəfli anlaşma (10 noyabr) aktuallığını qoruyub saxlayır".

Bu açıqlamaya nə rəsmi Bakı, nə də Yerevan reaksiya verib.

Ermənistandan keçmiş diplomat Edmon Marukyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, Yerevan 10 noyabr atəşkəs bəyanatından imzasını geri götürməyib. İndi isə başqa bir sənəddə də kommunikasiya xətti nəzərdə tutulub.

Milli Məclisin deputatı Səməd Seyidovun mövqeyincə, 10 noyabr bəyanatı ilə Vaşinqtonda imzalanan sənədlər ayrı-ayrı məsələlərdir və aralarında əlaqə yoxdur: "Vaşinqtonda gedən proseslərin buna nə dəxli var və ya onun buna nə aidiyyəti var? Paraflanan sülh müqaviləsinin mətni içində bir neçə vacib məqamlar var. 2, 3, 7, 15-ci maddələrdə birbaşa yazılıb ki, sülh müqaviləsi imzalanandan sonra… bir tərəfdən o biri tərəfə üçüncü qüvvə müdaxilə edə bilməz. Azərbaycanda üçüncü qüvvə yoxdur. Amma Ermənistanda iki dənə azı üçüncü qüvvə var: Sərhəddə Aİ-nin müşahidə missiyası - müqavilə imzalandıqdan sonra öz qüvvəsini itirməlidir. Bir də Rusiya silahlı qüvvələri Ermənistanda hərbi baza səviyyəsində fəaliyyət göstərir, bu da üçüncü tərəfdir".

1992-ci il 30 oktyabrda imzalanmış ikitərəfli müqaviləyə əsasən, Rusiya qoşunları Ermənistan Respublikasının Türkiyə və İran sərhədinin mühafizəsini öz üzərinə götürüb. Bu müqavilə tərəflərin razılığı əsasında dəyişdirilə bilər.

10 noyabr bəyanatına gəlincə, bu sənəd beynəlxalq müqavilə sayıla bilməz. Çünki iştirakçı ölkələrin heç biri onu parlamentində təsdiqləməyib.

Ümumilikdə, bəyannamələr

- Heç də həmişə hüquqi qüvvəyə malik deyil

- Tərəflərə məcburi öhdəliklər qoymur

- Sadəcə müəyyən gözləntiləri bəyan edir.

10 noyabr bəyannaməsi daha çox dövlət başçılarının imzaladığı siyasi sənəddir.

Orada göstərilənin əksinə olaraq hazırda

- Qarabağdakı Rusiya sülhməramlıları artıq yoxdur

- Laçın dəhlizi sülhməramlıların nəzarətində deyil

- Üç rayon Azərbaycana qaytarılıb

- Erməni silahlı qüvvələri ərazidən çıxarılıb.

Vyana Konvensiyasına nəzərən təhlil edilsə, Vaşinqton bəyannaməsi ratifikasiya edilənə və yekun sülh müqaviləsində 10 noyabr sənədinin ləğvi ilə bağlı maddə salınana qədər ikinci həm faktiki, həm də siyasi baxımdan keçərli sayıla bilər.

Əvvəllər 10 noyabr Bəyanatının 9-cu bəndinə əsasən, kommunikasiya xətlərinin açılmasını Rusiyanın iştirakı ilə tələb edən prezident İlham Əliyev indi ermənistanlı həmkarıyla bundan sanki imtina edərək başqa bir böyük güclə razılaşır. Amma heç bir tərəfin rəsmi açıqlamalarında Rusiya nəzarətinin necə aradan qaldırılacağına dair qeydə rast gəlinmir.

XS
SM
MD
LG