Tramp və Putin Alyaskada görüşəcəklər
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş avqustun 15-də Alyaskada baş tutacaq. Bu barədə avqustun 8-də D.Tramp bildirib.
Onun təxmininə görə, Rusiya və Ukrayna arasında potensial sülh sazişi ərazi mübadiləsini əhatə edəcək. "Hər iki tərəfin qarşılıqlı faydası üçün müəyyən ərazi mübadiləsi olacaq... Nəyisə geri verəcəyik, nəyisə mübadilə edəcəyik", - Tramp jurnalistlərə izah edib. O bu barədə yaxın vaxtlarda konkret söhbətin olacağını bildirib.
Tramp Putinlə görüşün məqsədini açıqladı
Rusiya prezidenti Vladimir Putinlə görüşün məqsədi Ukraynadakı münaqişəni dayandırmaqdır. Bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Mən ona deyəcəyəm ki, "sən bu müharibəni dayandırmalısan"", - Tramp bildirib.
ABŞ prezidenti qarşıdakı görüşü "sınaq məqsədli" adlandırıb və konstruktiv söhbətə ümid etdiyini, bundan sonra Avropa liderlərinə zəng vuracağını bildirib. O, etiraf edir ki, Putinlə görüş həm "yaxşı", həm də "pis" ola bilər. ABŞ prezidentinin sözlərinə görə, o, görüşün ilk iki dəqiqəsində razılaşmanın mümkün olub-olmadığını anlayacaq.
Tramp vasitəçilik səylərini dayandırmağa qərar verəcəyini istisna etməyib, lakin bu halda, onun fikrincə, heç bir nizamlanma olmayacaq: ""Uğurlar!" deyib çıxıb gedə bilərəm - vəssalam... Putinin bütün Ukraynanı istədiyinə inananlar var. Yeri gəlmişkən, mən də onlardan biriyəm. Düşünürəm ki, mən olmasaydım, o, indi heç kimlə danışmazdı. Amma mən onunla görüşəcəm. Sövdələşmənin parametrlərini müzakirə edəcəyik. Sonra isə Volodimir Zelenski və Avropa liderlərinə zəng edəcəyəm".
Amerika prezidenti nizamlama çərçivəsində "bəzi" ərazi mübadiləsini mümkün hesab edir.
Zelenski: 'Tramp və Putin bizsiz Ukrayna ilə bağlı qərar verə bilməz'
Kiyev Alyaskada ABŞ-Rusiya sammitində Ukrayna ilə bağlı onun iştirakı olmadan qəbul edilən qərarları tanımayacaq.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski avqustun 12-də "Gənclər buradadır" forumunda çıxışı zamanı deyib.
"Ukraynasız Ukrayna haqqında danışmaq mümkün deyil və bunu heç kim qəbul etməyəcək. Ona görə də söhbət onların ikitərəfli gündəliyi üçün vacib ola bilər, lakin bizsiz Ukrayna ilə bağlı heç bir qərar qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ prezidenti bunu anlayır və nəzərə alır", - Zelenski vurğulayıb.
Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna prezidentlərinin üçtərəfli görüşü də planlaşdırılır, lakin onun tarixi hələ müəyyən edilməyib.
Tramp və Putinin görüşəcəyi şəhər məlum olub
Rusiya və ABŞ prezidentləri arasında avqustun 15-nə planlaşdırılan danışıqlar Alyaskanın ən böyük şəhəri Ankoricdə baş tutacaq.
Burada 290 mindən çox insan yaşayır ki, bu da ştat əhalisinin təxminən 40 faizini təşkil edir.