Xəbərlər
Rusiya XİN Bakıyla münasibətlərin düzəlmə variantından bəhs edib

Moskva Azərbaycanda saxlanan rusiyalıların tezliklə azad edilməsi və evlərinə qayıtması variantları üzərində Bakı ilə iş aparır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev brifinqdə bildirib.
"Belə bir qərar Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin sabitləşməsi prosesində mühüm addım olardı", - Fadeyev vurğulayıb.
Hələlik, bu açıqlamaya Azərbaycanın rəsmi orqanlarından hər hansı münasibət bildirilməyib.
Xatırlatma
İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma daha sonra Azərbaycan diasporunun bəzi üzvləri də saxlanıb.
Bundan bir neçə gün sonra – iyunun 30-da Azərbaycanda narkotik və kibercinayətlərlə əlaqədar Rusiya vətəndaşlarının saxlandığı bildirilib, yayılan görüntülərdə tutulanların üzərində zorakılıq izləri müşahidə olunub.
İyulun 1-də də "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialı olan "Sputnik-Azərbaycan"ın rəhbərliyi həbs edilib.
Rusiyada 'Telegram' və 'WhatsApp' zəngləri 'qismən' bloklandı

"Roskomnadzor" Rusiyada "Telegram" və "WhatsApp" messencerlərində zənglərin qismən məhdudlaşdırıldığını bildirib. Hökumət qurumu bu qərarın hüquq-mühafizə orqanlarının materiallarına əsasən cinayətkarlarla mübarizə məqsədilə verildiyini iddia edib.
"Hüquq-mühafizə orqanlarının məlumatlarına və vətəndaşların çoxsaylı müraciətlərinə əsasən, xarici messencerlər – "Telegram" və "WhatsApp" Rusiya vətəndaşlarının aldadılması və pul tələb edilməsi, həmçinin vətəndaşların təxribat və terror fəaliyyətlərinə cəlb etmək üçün əsas səsli rabitə xidmətlərinə çevrilib. Bu istiqamətdə cavab tədbirlərinin görülməsi ilə bağlı messencerlərin sahiblərinə dəfələrlə edilən müraciətlər nəzərə alınmayıb", - "Roskomnadzor"un mətbuat xidmətinin açıqlamasında qeyd olunub.
Bildirilib ki, messencerlərin digər funksiyalarına heç bir məhdudiyyət tətbiq edilmir.
"Verstka" yazır ki, "WhatsApp"ın Rusiyada aylıq auditoriyası 97.5 milyon nəfərə çatır, "Telegram"dan isə 90.5 milyon insan istifadə edir. Bu, ölkə əhalisinin əksəriyyətini təşkil edir. Nəşr bildirir ki, Rusiya hakimiyyəti ölkədə xarici tətbiqlərin bloklanmasını və dövlət tərəfindən dəstəklənən "Max" messenceri üçün əlverişli bazarın yaradılmasını nəzərdən keçirir.
Mənzil bazarında qiymətlər 14 faiz artıb

Azərbaycanın mənzil bazarında qiymətlər 14 faizə qədər artıb.
Bu barədə Mərkəzi Bankın "Pul siyasəti icmalı"nda bildirilir.
Hesabatda qeyd edilir ki, 2025-ci ilin ikinci rübündə mənzil bazarında qiymət indeksi birinci rübə nəzərən 1.1 faiz artıb.
Vurğulandığına görə, bu dövrdə ilkin mənzil bazarında qiymətlər 3.2, təkrar mənzil bazarında isə 1.1 faiz yüksəlib.
Amma qurumun açıqlamasına görə, 2025-ci ilin yanvar-iyun aylarında ümumi mənzil bazarında qiymət indeksi ötən ilin müvafiq dövrünə nəzərən 13.8, o cümlədən ilkin mənzil bazarında 12.9, təkrar mənzil bazarında isə 13.8 faiz artıb.
Mülkiyyət hüququ alan daşınmaz əmlak sayında azalma var
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti isə bildirib ki, 2025-ci ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 204 min 494 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib.
Ötən ilin eyni dövründə isə həmin rəqəm 207 mindən çox olub.
Putinin iqamətgahı çevrəsində 12 hava hücumundan müdafiə mövqeyi qurulub

Rusiya prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahı ətrafında 12 hava hücumundan müdafiə (HHM) mövqeyi qurulub və bu mövqelər əsasən "Pantsir-S1" hava hücumundan müdafiə sistemləri ilə təchiz olunub. Bu barədə "Yandeks"dəki yeni peyk şəkilləri və "Yandeks.Zerkala"” xidmətinin fotoşəkillərini araşdıran AzadlıqRadiosunun Rusiya xidməti məlumat yayıb.
Bildirilir ki, Putinin həyat yoldaşı olduğu iddia edilən Alina Kabayeva və onların birgə övladları tez-tez Valdayda vaxt keçirirlər.
"Proyekt" 2023-cü ildə yazmışdı ki, Kabayeva və uşaqları üçün Valdayda yeni ev tikilib, onun köməkçiləri isə iqamətgahın yaxınlığında mənzillər alıblar.
Moskva şəhərində və əhalisi 20 milyondan çox olan Moskva vilayətində isə jurnalistlər yalnız 60 hava hücumundan müdafiə mövqeyi müəyyən ediblər.
2022-ci ildən FSB-nin saxlamaları zamanı azı 70 nəfər öldürülüb

2022-ci ilin fevralından - Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başlayandan bəri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) həbs əməliyyatları zamanı Rusiyada azı 65 nəfər, Ukraynanın Zaporojye vilayətinin işğal olunmuş hissəsində isə dörd nəfər qətlə yetirilib, bir nəfər isə Samarada əməliyyat zamanı özünü partladıb.
"IStories" bu rəqəmi Rusiyanın terrorla Mübarizə Milli Komitəsi, İstintaq Komitəsi, FSB, dövlət xəbər agentlikləri və hüquq-mühafizə orqanlarına yaxın medianın dərc etdiyi xəbərlərə əsaslanaraq hesablayıb.
Bildirilib ki, 2022-ci ilin fevralından bəri FSB-nin həbs əməliyyatları zamanı öldürülənlərin 44-ü Rusiya vətəndaşı olub. Hüquq-mühafizə orqanlarının mətbuat açıqlamalarında doqquz nəfərin Mərkəzi Asiya ölkələrindən olduğu göstərilib, ancaq onların vətəndaşlıqları qeyd olunmayıb. Öldürülənlər arasında Qazaxıstan, Ukrayna və Belarus vətəndaşları da olub.
FSB öldürülənlərin 28-ni Ukrayna kəşfiyyat xidməti ilə əlaqədə və ya AFU daxilindəki könüllü birləşmələrin göstərişləri əsasında hücumlar hazırlamaqda şübhəli bilib. Öldürülən 27 nəfər İŞİD ilə əlaqədə şübhəli bilinib.
"IStories" qeyd edib ki, şübhəlilərin çoxu Şimali Qafqazdakı saxlanılma əməliyyatlarında öldürülüb - Dağıstan və İnquşetiyada 12, Kabardin-Balkarda isə doqquz nəfər.
"IStories" vurğulayıb ki, reallıqda 2022-ci ildən bəri FSB əməliyyatları zamanı öldürülənlərin sayı daha çox ola bilər. Çünki bu hesablama yalnız təhlükəsizlik xidmətinin ictimaiyyətə açıqladığı məlumatlar əsasında aparılıb.
İran polisi: İyunda İsraillə müharibə dövründə 21 min nəfər saxlanılıb

İran polisi bildirib ki, iyunda İsraillə 12 günlük müharibə zamanı təhlükəsizliklə bağlı pozuntulara görə 21 minə yaxın adam saxlanılıb. Bu rəqəm əvvəlki rəsmi hesablamalardan xeyli yüksəkdir.
Polisin sözçüsü Səid Müntəzirolmehdi avqustun 12-də bildirib ki, ictimaiyyətin verdiyi məlumatlar həbslərdə mühüm rol oynayıb. Saxlanılanlardan neçə nəfərin hələ də həbsdə qaldığı bəlli deyil.
Onların 2 min 774-ü casusluqda ittiham olunan xarici ölkə vətəndaşlarıdır. Hakimiyyət orqanları onların telefonlarında hərbi mövqelərin, vacib obyektlərin şəkilləri və göndərilmiş məkan məlumatları kimi şübhəli fəaliyyətlərə dair dəlillərin olduğunu iddia edib.
Daha 261 nəfər casusluqda şübhəli bilinib, 172 nəfər isə icazəsiz çəkilişə görə həbs olunub.
Polisin açıqlaması iyulun sonunda İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Ejeinin sözləri ilə ziddiyyət təşkil edir. O, münaqişə zamanı və sonrasında təxminən 2 min nəfərin həbs edildiyini bildirmiş, araşdırmalardan sonra onların çoxunun casusluq və ya İsraillə əməkdaşlıq ittihamları təsdiqini tapmadığından azad edildiyini demişdi.
İnsan haqları qrupları İranda repressiyaların miqyası ilə bağlı həyəcan təbili çalıb.
ABŞ-də yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) münaqişə zamanı yüzlərlə həbsi sənədləşdirib. Bildirilib ki, bu həbslərdə daha çox etnik azlıqlar və fəallar hədəf alınıb. "Amnesty International" isə İranın müharibədən sonra edamların artmasını pisləyib, işgəncə, ədalətsiz məhkəmələr və özbaşına qətllər barədə xəbərdarlıq edib.
İyunun sonundan bəri İranda İsrailin xeyrinə casusluqda ittiham olunan ən azı 7 nəfər edam edilib.
İran hakimiyyəti İsrailin Mossad kəşfiyyat agentliyinin ölkəyə dərindən nüfuz etməsindən narahatdır. Görünür, bu, İranda dağıdıcı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsinə imkan verib.
İyunda parlament casusluq və düşmən xarici hökumətlərlə, xüsusilə İsraillə əməkdaşlıq üçün cəzaları kəskin sərtləşdirməyi nəzərdə tutan qanun layihəsini qəbul etsə də, Konstitusiyanın Müdafiə Şurası bu qanun layihəsini rədd edib. Amma sözügedən qurumun sözçüsü bildirib ki, qanun layihəsi dəyişikliklər edildikdən sonra təsdiqlənə bilər.
Azərbaycanda dövlət işçilərinin sayının azalması davam edir

Son bir ildə Azərbaycanda dövlət işçilərinin sayı 23 min azalıb.
Bunu Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarının təhlili üzə çıxarıb.
Komitə bildirir ki, 2025-ci il iyulun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 770.8 min nəfər olub. Onlardan 864.2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 906.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2024-cü il iyulun 1-i ilə müqayisədə ölkədə dövlət sektorunda çalışanların sayı 23.3 min azalıb, qeyri-dövlət sektorunda çalışanların sayı isə 33.3 min nəfər artıb. Beləliklə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı son bir ildə 10 min nəfər artıb.
Rəsmi rəqəmlərə görə, Azərbaycanda əməkqabiliyyətli insanların sayı 5 milyon civarındadır. 2025-ci il yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda işsizlərin rəsmi sayı 282.3 min nəfər olub. Müstəqil iqtisadçılar deyir ki, bu rəqəm həqiqəti əks etdirmir. Onların fikrincə, Azərbaycanda işsiz kimi rəsmi qeydiyyata düşmək iş tapmaqdan çətindir.
Rəsmilər rəsmi işləyənlərin sayının azalması ilə bağlı hər hansı açıqlama verməyiblər. Üstəlik, onlar son illər "iqtisadiyyatın ağardılması"ndan bəhs etsələr də, ölkədə rəsmi muzdla işləyənlərin sayında ciddi artım gözə dəymir.
FT: Avropanın silah zavodları üçqat sürətlə böyüyür

"The Financial Times" yazır ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başlayandan bəri Avropa hərbi-sənaye kompleksi müəssisələrinin genişlənmə tempi üç dəfə artıb.
Nəşr 37 şirkətə məxsus 150-dən çox hərbi-sənaye obyektini araşdırıb. Jurnalistlər mindən çox peyk şəklini təhlil ediblər. Görüntülərin təxminən üçdə birində davam edən tikinti işlərini göstərən dəyişikliklər əks olunub.
Bildirilib ki, bu müəssisələrin sahəsi 7 milyon kvadratmetr artıb. Əgər 2021-ci ildə 0.79 kvadratkilometr sahədə iş aparılırdısa, 2024-cü ilin yazında tikinti sahəsi 3.02 kvadratkilometr, bu ilin yazında isə 2.8 kvadratkilometrə çatıb.
Son üç ildə hərbi-sənaye kompleksində ən böyük layihələrindən biri Almaniyanın "Rheinmetall" şirkəti ilə Macarıstanın 7 nömrəli dövlət müdafiə holdinqinin birgə layihəsi olub. Bu layihə çərçivəsində "Rheinmetall"ın "KF41 Lynx" piyada döyüş maşını üçün 30 mm-lik sursat istehsal olunur, gələcəkdə "Leopard" və "Panther2" tankları və digər silah növləri üçün sursatın istehsalı planlaşdırılır.
Təhlil edilmiş 150 hərbi-sənaye obyektinin 88-i Avropa İttifaqının 500 milyon avro ayırmağı nəzərdə tutduğu silah istehsalına dəstək proqramı çərçivəsində maliyyələşdirilir.
Avropada yenidən silahlanmanın olduğunu qeyd edən "The Financial Times" sülh dövrünə xas istehsaldan daha dayanıqlı müharibə aparılması üçün sənaye bazasının yaradılmasına doğru keçidi vurğulayır.
Ermənistan-ABŞ birgə hərbi təlimləri başlayıb

Avqustun 12-də "EAGLE PARTNER 2025" Ermənistan-ABŞ birgə hərbi təlimlərinə start verilib.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, açılış mərasiminə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan, ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn, yüksəkrütbəli hərbçilər və qonaqlar qatılıblar.
Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçirilən təlimlər avqustun 20-dək davam edəcək. Təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunublar.
Məhəmməd Kekalova vəkili ilə danışmağa icazə verilmədiyi deyilir

"AbzasMedia işi" çərçivəsində həbs edilən Məhəmməd Kekalova vəkili ilə telefonla əlaqə saxlamasına imkan verilmədiyi bildirilir.
Bu barədə məlumatı həmin nəşrə onun ailəsi verib.
Ailəsinin sözlərinə görə, Kekalov bu gün, avqustun 12-də saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleksdən vəkilinə zəng etmək istəyib, lakin həbsxana işçiləri buna icazə verməyib, telefon dəstəyini əlindən zorla alaraq yerinə qoyublar. Vurğulandığına görə, ona yalnız həbsxana rəisinin icazəsindən sonra vəkilinə zəng edə biləcəyi deyilib.
Bu məlumata Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma həmin qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı deyilib ki, məhbuslarla yalnız qanun çərçivəsində davranırlar.
M.Kekalov 2025-ci il iyunun 20-də 7 il 6 ay azadlıqdan məhrum edilib. O, "AbzasMedia işi"ndə digər altı nəfərlə birlikdə qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətlərini ehtiva edən səkkiz maddə ilə ittiham olunub.
Həmin iş üzrə AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə, "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı 9 il, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova isə 8 il azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslərin hamısı ittihamları rədd edir və həbslərinin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.
"AbzasMedia işi" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlamışdı.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.
Azərbaycanda ÜDM cüzi artsa da, o, 'kasıb' qonşusundan çox geri qalır
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 72 milyard 430 milyon manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.
Bu barədə bu gün, avqustun 12-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Qurum bildirir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.9 faiz çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3.3 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3.1 faiz artıb.
Əhalinin hər nəfərinə düşən ÜDM 7 min 77 manata bərabər olub.
2024-cü ildə isə ölkədə 126.3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4.1 faiz çox ÜDM istehsal olunduğu açıqlanmışdı. Əhalinin hər nəfərinə düşən ÜDM 12 min 382.5 manata bərabər olmuşdu.
Azərbaycanda ÜDM cüzi artsa da, o, bir çox qonşulardan həmin sahədə geridə qalır. Məsələn, Azərbaycandan fərqli olaraq zəngin neft və qaz yataqlarına malik olmayan Gürcüstanda 2025-ci ilin iyununda real iqtisadi artım 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6.3 faiz təşkil edib.
2025-ci ilin birinci yarısında Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir 2 milyard dollara çatıb ki, bu da 2024-cü eyni dövrünə nisbətən 6.2 faiz çoxdur.
Gürcüstanın ÜDM-i 2024-cü ildə isə 9.4 faiz artmışdı.
Sankt-Peterburqda xaricilərə kuryerlik qadağan edilib

Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərdə miqrantların kuryer kimi işləməsini qadağan edən qərar imzalayıb. Bu barədə onun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "qəbul olunan qərar kölgə məşğulluğu ilə mübarizə, kuryer xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması, həmçinin Rusiya vətəndaşları, ilk növbədə də gənclər və tələbələr üçün yeni iş yerlərinin yaradılmasına yönəlib".
Qubernatorun ofisi deyib ki, xarici kuryerlər ümumi kuryer sayının "cüzi" hissəsini təşkil edir, ona görə də yeni qərar çatdırılma bazarına təsir etməyəcək. Yeni qayda üç ay sonra qüvvəyə minəcək.
Bu il iyulun sonunda məlum olub ki, Sankt-Peterburq qubernatoru miqrantların şəhərdə taksi sürməsini və icarəyə götürülmüş şəxsi avtomobillərlə işləməsini də qadağan edib.
2025-ci ilin əvvəlinə olan məlumata görə, Rusiyanın 47 regionunda miqrantların taksi və ictimai nəqliyyatda, 39 regionunda ticarətdə, 27 regionunda təhsildə, 19 regionunda isə tibb sahəsində işləməsi qadağan edilib. Bəzi ərazilərdə regional hakimiyyət orqanları, əsasən, yardımçı işlərdə çalışanlar və təmizlik işçiləri üçün istisnalar edir.
Son illərdə Rusiya hakimiyyəti miqrantları xırda qayda və hüquq pozuntularına görə "nəzarət olunan şəxslər" reyestrinə salır, miqrantları vətəndaşlıqdan məhrumetmə səbəblərinin siyahısını genişləndirir. Miqrantların uşaqları ümumtəhsil məktəblərində oxuya bilmək üçün rus dili üzrə qəbul imtahanı verməyə məcbur edilir və uşaqların məlumatları, eləcə də imtahan nəticələri DİN-ə ötürülür. Miqrant yataqxanalarında tez-tez polis reydləri keçirilir, bu reydlərdə saxlanılanlar Ukraynada müharibəyə göndərilməyə məcbur edildiklərini bildirir.
Ötən ilin martında "Crocus City" konsert məkanına terror hücumundan sonra Rusiyada əmək miqrantlarına qarşı siyasət kəskin şəkildə sərtləşib. Tacikistan vətəndaşları terror hücumunu törətməkdə ittiham olunub.
Tramp Çin idxalına yeni tariflərin dondurulmasını daha 90 gün uzadıb

ABŞ prezidenti Donald Tramp idxal olunan Çin mallarına ticarət rüsumlarının artırılmasını donduran fərman imzalayıb. Vaşinqton və Pekin arasında ticarət danışıqları üçün ayrılmış son müddətin bitməsinə bir neçə saat qalmış qüvvəyə minən qərar 90 gün qüvvədə olacaq.
Yazda Tramp Çin mallarına tətbiq olunan rüsumları əvvəlcə 125, sonra isə 145 faizədək artırıb, daha sonra bu qərar qarşılıqlı ticarət güzəştləri ilə bağlı danışıqlar müddətində təxirə salınıb. Avqustun 12-nə keçən gecə Vaşinqton və Pekin arasında ticarət müharibəsindəki "müvəqqəti atəşkəs"in müddəti başa çatırdı.
Əvvəl tətbiq edilmiş rüsumlardan əlavə, Trampın daha bir təşəbbüsü Çinin ABŞ-yə ixracına təhlükə yaradır. Bu, Trampın Rusiyanın ticarət tərəfdaşlarına qarşı vəd etdiyi rüsumların artırılması ilə bağlıdır. Avqustun əvvəlində prezident Tramp bu qərarın Pekinə də şamil oluna biləcəyini istisna etməyib. Çin isə Rusiyadan neft alışını dayandırmağı planlaşdırmadığını açıq şəkildə bəyan edib.
ISW: Putin ABŞ ilə Avropanın arasını vurmağa çalışır

ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib ki, Kreml Alyaskada keçiriləcək ABŞ-Rusiya sammitindən Ukraynada sülhün əldə olunması istiqamətində səylər göstərməkdənsə, ABŞ və Avropa arasında ixtilaf yaratmağa çalışacaq.
Rusiya rəsmilərinin bəyanatlarını təhlil edən ISW analitiklərinin qənaəti budur ki, Rusiya öz əsas məqsədlərində güzəştə getmək istəmir. Bu məqsədlər isə Ukraynanın NATO-ya üzvlüyünə mane olmaq, Ukraynada hakimiyyəti rusiyayönlü hökumətlə əvəzləmək və Ukraynanın demilitarizasiyasını ehtiva edir ki, bu da ölkənin tam təslim olması deməkdir. ISW ekspertlərinin fikrincə, Rusiya, çox güman ki, gələcək atəşkəs razılaşmalarını pozacaq və Ukraynanı bu cür pozuntularda ittiham edəcək.
ISW Avropanı ABŞ-nin Ukraynada müharibəni dayandırmasına mane olmaqda ittiham edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə diqqət çəkib.
Rusiyalı politoloq Sergey Markov isə avqustun 10-da "The Washington Post"a müsahibəsində bildirib ki, Putinin Alyaska sammitində əsas vəzifəsi Ukraynada sülhə maneə kimi Rusiyanı deyil, Ukrayna və Avropanı təqdim etməkdir. O, həmçinin qeyd edib ki, Rusiya heç bir güzəştə getməyəcək.
D.Tramp və V.Putin arasında görüşün avqustun 15-də Alyaskada baş tutacağı gözlənilir.
Rusiya 2014-cü ildə Krım yarımadası və şərqi Ukraynanın bir hissəsinə nəzarəti ələ keçirib. Moskvanın Rusiyaya aid olduğunu iddia etdiyi Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin əhəmiyyətli hissələri də daxil olmaqla, ölkənin beşdə birini işğal edib.
Azərbaycan sənayesində düşüş sürətlənir
Azərbaycan sənayesində düşüş davam edir. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, avqustun 11-də yaydığı məlumatda bildirilir.
Məlumata görə, ölkənin sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2025-ci ilin yanvar-iyul aylarında 36.6 milyard manatlıq məhsul istehsal ediblər. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.3 faiz azdır.
"Neft-qaz sektorunda məhsul istehsalı 3.5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5.5 faiz artmışdır", - məlumatda əlavə edilir.
Vurğulanır ki, sənaye məhsulunun 61.5 faizi mədənçıxarma sektorunun payına düşür.
DSK bir ay əvvəl isə bildirmişdi ki, ölkə sənayesində bir il əvvəl ilə müqayisədə 1.9 faiz geriləmə var.
Son illər həm Azərbaycanda neft hasilatında, həm də neft-qaz sektoruna investisiya qoyuluşunda azalma müşahidə edilir.
Azərbaycanın ixracının təqribən 90 faizi neft və qaz sektorunun payına düşür.