Dövlətə xəyanət ittihamıyla bir ildir həbsdə olan politoloq Bəhruz Səmədov məhkəməsinin açıq keçirilməsini, prosesi həm ictimaiyyətin, həm də dostlarının izləməsini istəyir. Bu barədə AzadlıqRadiosuna məlumat verən nənəsi Zibeydə Osmanova bildirib ki, birinci instansiya məhkəməsində olduğu kimi, Bakı Apellyasiya Məhkəməsində də B.Səmədovun işinə qapalı şəkildə baxılmasına qərar verilib: "Avqustun 13-də məhkəmədə vəkil bir daha vəsatət qaldırıb ki, proses açıq keçirilsin. Lakin hakimlər vəsatəti təmin etməyiblər. Ümumiyyətlə, 20-yə yaxın vəsatət qaldırılıb, heç biri təmin olunmayıb".
B.Səmədova 15 il həbs cəzası kəsilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilib. Şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Bir gün öncə B.Səmədov tək ailə üzvü olan nənəsiylə telefonla əlaqə saxlayaraq durumunun yaxşı olmadığını, avqustun 13-nə təyin edilmiş məhkəmə iclasına gələ bilməyəcəyini deyib. Ardından Umbakı Penitensiar Kompleksinə yollanan Z.Osmanova nəvəsi ilə görüşüb: "Heç bir cinayət törətmədiyi halda, haqsız yerə həbsdə saxlanması onu ağrıdır. Həbsdə olduğu bir il ərzində iki dəfə intihara cəhd edib, son anda xilas ediblər. Psixoloji durumu heç yaxşı deyil. Daha ağır nəticələrdən çox narahatam".
B.Səmədov məhkəməyə gələ bilməyəcəyini desə də, avqustun 13-də prosesə qatılıb.
Onun apellyasiya şikayəti üzrə məhkəmə prosesi avqustun 20-də davam edəcək.
Xatırlatma
Praqadakı Karlov Universitetinin doktorantura pilləsində təhsil alan B.Səmədov ötən il avqustun 21-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə təqsirli bilindiyindən ona 15 il həbs cəzası kəsilib. Gənc fəal Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda təqsirli sayılıb.
O özünü təqsirli bilmir, sülhpərvər çıxışlarına görə cəzalandırıldığını deyir.
B.Səmədov müharibə əleyhinə yazıları ilə seçilib, özəlliklə Azərbaycan və Ermənistan arasında 2020-ci ildəki 44 günlük savaş və iki il öncə Qarabağda keçirilən hərbi əməliyyatlar zamanı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən açıqlamalar verib.
Gənc fəal ötən ilin avqustunda saxlanıldığı zaman Bakıya məzuniyyətə gəlibmiş.