Keçid linkləri

2025, 14 Avqust, Cümə axşamı, Bakı vaxtı 00:45

'AbzasMedia işi'ndə apellyasiya məhkəməsi gərgin başlayıb


AbzasMedia
AbzasMedia

Bu gün, avqustun 12-də "AbzasMedia işi" çərçivəsində həbs edilən şəxslərin apellyasiya məhkəməsi gərginliklə başlayıb.

Bakı Apellyasiya Məhkəməsində şikayətə hakim Zəfər Əhmədovun sədrliyi ilə baxılır.

Proses zamanı təqsirləndirilən xanımları bir, kişiləri isə digər yanaşı şüşə kabinələrdə saxlayıblar. Vəkillərin və hakimin çıxışı zamanı saxlandıqları şüşə kabinə nisbətən uzaqda olduğundan xanımlar deyilənləri yaxşı eşitmədiklərini bildiriblər.

Proses zamanı Azadlıq Radiosunun jurnalisti Fərid Mehralızadənin vəkili Xaliq Hüseynov və digər vəkillər bir çox vəsatətlərlə çıxış ediblər. Həmin vəsatətlərdə bildirilib ki, bu iş üzrə təqsirləndirilən AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə, nəşrin direktoru Ülvi Həsənli və araşdırmaçı jurnalist Hafiz Babalı Bakı İstinntaq Təcridxanasından Umbakı həbsxanasına köçürülüblər. Vəkillər bunu ayrıseçkilik kimi dəyərləndirərək onların geri qaytarılmasını istəyiblər. Habelə təqsirləndirilən şəxslərin şüşə kabinedə saxlanmasına da etiraz edilib. Vurğulayıblar ki, onları vəkillərin yanında əyləşdirə bilərlər. Eyni zamanda qeyd ediblər ki, apelyasiya şikayətinə qismən məhkəmə istintaqı kimi baxılsın. Üstəlik, həm Ülvü Həsənli və həm də vəkillər xanım əməkdaşların tələblərinə də diqqət çəkiblər. Ü.Həsənli deyib ki, xanımları onlarla da əyləşdirə bilərlər.

Amma müdafiə tərəfinin vəsatətlərinin heç biri qəbul edilməyib.

Müdafi tərəfinin çıxışı zamanı "AbzasMedia" nəşrinin baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Elnarə Qasımova Nərgiz Absalamova deyilənləri eşitmədiyi ilə bağlı etirazını bildiriblər. Hakim onlara zaldan çıxarılacaqları ilə bağlı xəbərdarlıq verib. Onlar isə cavabında zalı özlərinin tərk edəcəyini və növbəti məhkəmə prosesində də iştirak etməyəcəklərini söyləyiblər.

Xanım əməkdaşların zaldan çıxarılması zamanı itələmə baş verib və buna etiraz olaraq nəşrin direktoru Ülvi Həsənli də zalı tərk etmək istədiyini bildirib. Nəticədə onlar zaldan sərt şəkildə çıxarılıb, bir çox valideynlər də oranı tərk ediblər.

Baş verənləri Qərb ölkələrin Azərbaycandakı səfirliklərinin təmsilçiləri də müşahidə ediblər.

Proses avqustun 26-na kimi təxirə düşüb.

Bu iş üzrə təqsirləndirilən şəxslərə 2025-ci il iyunun 20-də hökm oxunub. AzadlıqRadiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə, "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı 9 il, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova 8 il, nəşrin əməkdaşı Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər. Onlar qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətlərini ehtiva edən səkkiz maddə ilə ittiham olunub.

Təqsirləndirilən şəxslərin hamısı ittihamları rədd edir və həbslərinin korrupsiya araşdırmaları ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.

"AbzasMedia işi" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlamışdı.

Xatırlatma

2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

XS
SM
MD
LG