"Roskomnadzor" Rusiyada "Telegram" və "WhatsApp" messencerlərində zənglərin qismən məhdudlaşdırıldığını bildirib. Hökumət qurumu bu qərarın hüquq-mühafizə orqanlarının materiallarına əsasən cinayətkarlarla mübarizə məqsədilə verildiyini iddia edib.
"Hüquq-mühafizə orqanlarının məlumatlarına və vətəndaşların çoxsaylı müraciətlərinə əsasən, xarici messencerlər – "Telegram" və "WhatsApp" Rusiya vətəndaşlarının aldadılması və pul tələb edilməsi, həmçinin vətəndaşların təxribat və terror fəaliyyətlərinə cəlb etmək üçün əsas səsli rabitə xidmətlərinə çevrilib. Bu istiqamətdə cavab tədbirlərinin görülməsi ilə bağlı messencerlərin sahiblərinə dəfələrlə edilən müraciətlər nəzərə alınmayıb", - "Roskomnadzor"un mətbuat xidmətinin açıqlamasında qeyd olunub.
Bildirilib ki, messencerlərin digər funksiyalarına heç bir məhdudiyyət tətbiq edilmir.
"Verstka" yazır ki, "WhatsApp"ın Rusiyada aylıq auditoriyası 97.5 milyon nəfərə çatır, "Telegram"dan isə 90.5 milyon insan istifadə edir. Bu, ölkə əhalisinin əksəriyyətini təşkil edir. Nəşr bildirir ki, Rusiya hakimiyyəti ölkədə xarici tətbiqlərin bloklanmasını və dövlət tərəfindən dəstəklənən "Max" messenceri üçün əlverişli bazarın yaradılmasını nəzərdən keçirir.