Azərbaycanda doğumda sürətli azalma davam edir

Doğum evi

Bu ilin ilk yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 45 min 616 doğulan körpə qeydə alınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6.3 faiz azdır.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin (DSK) yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində əksini tapıb.

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9.6-dan 9.0-a düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.7 faiz olub", - məlumatda qeyd olunub.

Ölkədə doğum son 10 ildə kəskin şəkildə azalıb. Doğum nə az, nə çox düz 60 faiz azalıb. 2014-cü ildə Azərbaycanda 170 min 503 uşaq doğulmuşdu.

Bütün bunlarla belə, əhalinin ümumi sayında cüzi də olsa, artım davam etməkdədir. 2025-ci ilin yanvar-iyun aylarında əhalinin sayı 16 min 833 nəfər və ya 0.2 faiz artaraq 2025-ci il iyulun 1-i vəziyyətinə 10 milyon 241 min 722 nəfərə çatıb.

Yeni doğulan körpələrin sayında oğlanların üstünlük təşkil etməsi isə selektiv abortla izah edilir. Son illər ölkədə abort sayında da ciddi artım var.

Üstəlik, hökumət əhalinin sosial müdafiəsinə aid paketlərin icrasından bəhs etsə də, müstəqil iqtisadçılar deyir ki, əməkhaqqı artımını real inflyasiya artıqlaması ilə yeyir. Bu üzdən yeni doğulan körpələrin sayına sosial amillərin də təsir etdiyi açıqlanıb.

Azərbaycanda 2006-cı ildən uşaqlara verilən aylıq müavinətlər (uşaqpulu) də ləğv edilib.