Rusiya 'Tramp marşrutu'nu öyrənir
Nə Rusiya, nə Ermənistan, nə də Azərbaycan 2020-2022-ci illərin üçtərəfli bəyanatlarından çıxdıqlarını bəyan edib.
Bunu avqustun 13-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev bildirib.
Onun sözlərinə görə, Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətlərində tərəfdaşlara yardım göstərməyə hazırdır, bunu Rusiya rəhbərliyi dəfələrlə bəyan edib.
"Tramp marşrutu"na gəlincə, Fadeyev vurğulayıb ki, təfərrüatları hələlik açıqlanmayan bu layihəni Rusiya XİN araşdıracaq.
Fadeyev Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın avqustun 9-da verdiyi bəyanatı mahiyyətcə təkrarlayıb. "...Regiondankənar qüvvələrin cəlb edilməsi sülh gündəminin möhkəmləndirilməsinə çalışmalı və yeni ayırıcı xətlər yaratmamalıdır", - o vurğulayıb.
ABŞ-dən Rusiya və İrana "Tramp yolu" xəbərdarlığı
Dövlət Departamentinin sözçüsü Temmi Brüs "Tramp marşrutu"na qarşı çıxanlara xəbərdarlıq edib: "Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz, yaxud edə bilməyəcəyimiz barədə ehtimallar irəli sürməyəcəyəm. Bütün dünya bilir ki, prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu saziş onun üçün vacibdir".