Prezident İ.Əliyev deyib ki, tərəflər uzun müddət aparılan danışıqlardan sonra sülh sazişini paraflayıblar: "Bu sənədin dünyanın bir nömrəli superdövlətinin paytaxtında, dünyanın bir nömrəli ofisində və Amerika Birləşmiş Ştatlarının böyük prezidentinin iştirakı ilə paraflanması o deməkdir ki, tərəflərdən heç birinin geri addım atacağına dair heç bir şübhə olmamalıdır. Əgər belə fikirlərimiz olsaydı, biz bura gəlməzdik".
Paşinyan çıxışında deyib ki, prezident Tramp Nobel Sülh Mükafatına layiqdir, onun namizədliyini müdafiə edəcəklər.
Prezident Əliyev də bu təklifi dəstəkləyib: "Əgər Tramp layiq deyilsə, bəs kim layiqdir Sülh Mükafatına?!".
"Bu irəliləyiş prezident Trampın şəxsi iştirakı və sülhə qətiyyətli sədaqəti olmadan alınmazdı. Sülh sazişinin imzalanması ölkələrimiz arasında uzun illər davam edən münaqişənin başa çatmasına yol açacaq və yeni bir dövrün başlanğıcı olacaq", – Ermənistanın baş naziri N.Paşinyan deyib. O vurğulayıb ki, regionda kommunikasiya kanallarının açılmasını nəzərdə tutan saziş suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsiplərinə əsaslanır.
Tramp Əliyevdən neçə il hakimiyyətdə olduğunu soruşub. "22 il" cavabını eşidəndə "bu o deməkdir ki, o, sərt və ağıllıdır" söyləyib.